Buxarest, 8 sentyabr, AZƏRTAC
Rumıniyanın şərqində naməlum pilotsuz uçuş aparatının (PUA) ölkənin hava məkanına daxil olması ehtimalı ilə əlaqədar hava həyəcanı elan edilib.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın Müdafiə Nazirliyinin məlumatına əsasən, hava məkanına nəzarət sistemləri Moldova istiqamətindən hərəkət edən şübhəli hava hədəfini qeydə alıb. Hadisə ilə əlaqədar NATO-nun hava məkanının mühafizəsi missiyasında iştirak edən iki F-18 qırıcı təyyarəsi havaya qaldırılıb.
Yaş (Iași) dairəsinin prefekti Konstantin Dolaçi-Pelin hava obyektinin Moldova ərazisindən Rumıniyaya keçdiyini bildirib.
Mümkün təhlükə ilə əlaqədar Rumıniyanın şərq rayonlarının sakinlərinə xəbərdarlıq göndərilib. Hadisə Yaş Beynəlxalq Hava Limanının fəaliyyətinə də təsir göstərib və uçuşlar qısa müddətə dayandırılıb.
Eyni zamanda, Moldova tərəfi də ölkənin hava məkanında şübhəli PUA-nın aşkarlandığını bildirib.
Qeyd edək ki, son dövrlərdə Rumıniya və Moldova ərazisində pilotsuz uçuş aparatları ilə bağlı hadisələrin sayı artıb.
Rumıniya NATO-nun şərq cinahında yerləşən əsas ölkələrdən biridir və Ukrayna ilə təxminən 614 kilometr uzunluğunda sərhədə malikdir. Ukraynadakı müharibə fonunda, xüsusilə Dunay çayı və Qara dəniz istiqamətində baş verən hava hücumları zamanı Rumıniya dəfələrlə PUA təhlükəsi ilə üzləşib.
Avqustun 16-da da Moldova istiqamətindən Rumıniyanın hava məkanına daxil olan naməlum PUA NATO missiyası çərçivəsində fəaliyyət göstərən İspaniyaya məxsus F-18 qırıcısı tərəfindən vurulmuşdu. Həmin PUA Qalats şəhərindən təxminən 24 kilometr şimalda aşkarlanmış və yaşayış olmayan ərazi üzərində məhv edilmişdi.
Rumıniya hakimiyyəti ölkənin hava məkanının müttəfiqlərlə birlikdə davamlı nəzarətdə saxlanıldığını və mümkün təhlükələrə qarşı operativ tədbirlərin görüldüyünü bildirir.
(0)Comments