'Adaptasiya müəyyən qədər vaxt aparır'.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında "LANDAU Lions" komandasının yeni transferi Cordan Perkins deyib.
ABŞ-dən olan basketbolçu yeni komandası ilə bağlı fikirlərini bölüşüb: 'Peşəkar karyeramda ilk dəfə əsas beşlikdə başlamıram və rolum da fərqli olacaq. Amma bu, mənim üçün çox yaxşı təcrübədir. İnanıram ki, başqa bir güclü pleymeykerlə birlikdə oynamaq uzunmüddətli perspektivdə mənə böyük fayda verəcək və çox şey öyrənəcəyəm.
Fərdi məqsədim liqada ən çox assist edən oyunçulardan biri olmaq və mövsümün ən yaxşı oyunçularından ibarət komandaya seçilməkdir. Komanda olaraq isə məqsədim çempionluq qazanmaqdır'.
Perkins Azərbaycan basketbolu ilə bağlı da fikirlərini bölüşüb:
'Azərbaycan basketbolu inkişaf etməkdə davam edir, gənc oyunçular getdikcə daha da yaxşılaşırlar və bu, ölkə üçün çox sevindiricidir. Xüsusilə oyunçuların inkişafını şəxsən izləmək imkanım olduğu üçün bunu görmək mənə çox xoşdur. Bakı çox gözəl şəhərdir. Burada görməli çoxlu maraqlı yerlər var. Açığı, konkret sevimli məkanım yoxdur və adlarını da çox bilmirəm. Amma Azərbaycanda olduğum müddətdə çoxlu gözəl binalar və mənzərələr görmüşəm'.
Qeyd edək ki, 27 yaşlı oyunqurucusu 2024/2025 mövsümündə "Naxçıvan" (ilk ilində "Xəzri") klubunun heyətində Azərbaycan Basketbol Liqasında assist lideri olub.
(0)Comments