Husilər Səudiyyənin dörd şəhərinə raket və dronlarla zərbələr endirib
Yaxın Şərqdə davam edən münaqişə yeni mərhələyə keçib. İran tərəfindən dəstəklənən Yəmən husiləri Səudiyyə Ərəbistanının cənubundakı dörd şəhərə raket və pilotsuz uçuş aparatları ilə hücum edib.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, ən azı 73 nəfər yaralanıb. Hücumların hədəfləri arasında hərbi obyektlərlə yanaşı, enerji infrastrukturu da olub.
Səudiyyənin Cizan bölgəsində neft obyektlərində yanğınlar baş verib. Peyk görüntüləri bölgədəki enerji infrastrukturuna ciddi ziyan dəydiyini göstərib.
Husilərin hücumlarından sonra Səudiyyə Ərəbistanı Yəməndə onların mövqelərinə hava zərbələri endirib. Beləliklə, İran və ABŞ-İsrail arasında başlayan qarşıdurmanın regiondakı digər qüvvələri də daha geniş şəkildə cəlb etdiyi görünür.
Hadisələrin enerji bazarına təsiri də dərhal hiss olunub. Yaxın Şərqdən neft və qaz tədarükünün təhlükə altında qalması investorların narahatlığını artırıb.
Brent markalı neftin qiyməti 100 dollarlıq həddə yaxınlaşıb. Analitiklər hesab edirlər ki, Hörmüz boğazı ətrafında vəziyyət daha da pisləşərsə, enerji qiymətlərində yeni kəskin artım baş verə bilər.
//Samir Qurbanov, Editor.az
(0)Comments