Bu gün, 20:19 · 224 baxış · 2 dəq oxu
Son dövrlərdə sürətlə arıqlamaq məqsədilə istifadə olunan iynələr, xüsusilə məşhurlar və sosial media istifadəçiləri arasında geniş yayılıb. Lakin mütəxəssislər bu preparatların yalnız tibbi zərurət olduqda və həkim nəzarəti altında tətbiq edilməli olduğunu bildirirlər.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, daxili xəstəliklər üzrə mütəxəssis Ayça Kaya arıqlama iynələrindən istifadə ilə bağlı ciddi xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu preparatlar piylənmənin müalicəsində mühüm nəticələr verə bilər. Lakin normal çəkidə olan və ya sadəcə 3-5 kiloqram arıqlamaq istəyən şəxslərin həkim məsləhəti olmadan bu vasitələrdən istifadə etməsi təhlükəlidir.
Mütəxəssis bildirib ki, iştahanı əhəmiyyətli dərəcədə azaldan bu preparatlar orqanizmin kifayət qədər qida qəbul etməməsinə səbəb olur. Nəticədə əzələ və sümük itkisi, dəridə sallanma, saç tökülməsi, dərinin quruması və dırnaqların kövrəkləşməsi kimi problemlərin yaranmaq ehtimalı var.
Arıqlama iynələrinin qarın ağrısı, ürəkbulanma, qusma, qəbizlik, şişkinlik, yorğunluq və başgicəllənmə kimi yan təsirləri də mümkündür. Həkim nəzarəti olmadan preparatın dozasının artırılması isə daha ciddi fəsadlara yol aça bilər.
Ayça Kaya vurğulayıb ki, bu preparatlar 'möcüzəvi pəhriz' kimi qəbul edilməməlidir. İynələrdən istifadə edən şəxslər eyni zamanda qidalanma və həyat tərzində də dəyişiklik etməlidirlər. Əks halda preparatın qəbulu dayandırıldıqdan sonra itirilmiş çəkinin yenidən alınması mümkündür.
(0)Comments