London, 8 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın hava hərəkətinə nəzarət sistemində yaranan texniki nasazlıq səbəbindən ölkə üzrə bir sıra hava limanlarında reyslərin hərəkətində ciddi gecikmələr yaranıb.
AZƏRTAC 'The Independent'ə istinadla xəbər verir ki, Hitrou və Qatvik də daxil olmaqla hava limanlarında sərnişinlər uçuşların gecikməsi ilə üzləşiblər. Bildirilir ki, texniki problem səbəbindən təyyarələrin təhlükəsiz şəkildə havaya qalxması mümkün olmadığından uçuşlara məhdudiyyət tətbiq edilib.
Böyük Britaniyanın Milli Hava Hərəkətinə Nəzarət Xidməti (NATS) texniki problemi araşdırdığını açıqlayıb.
Qurum yaranmış gecikmələrə görə sərnişinlərdən üzr istəyib və onlara uçuşlarının statusunu aviaşirkətlərlə dəqiqləşdirməyi tövsiyə edib.
Hitrou hava limanı da hava hərəkətinə nəzarət xidmətində yaranmış texniki problemin Böyük Britaniya hava limanlarından həyata keçirilən uçuşlara təsir etdiyini bildirib. Aeroportun məlumatına görə, hazırda ölkəyə eniş edən reyslərə texniki problem təsir göstərmir. Hitrou rəhbərliyi problemin mümkün qədər tez aradan qaldırılması üçün NATS komandası ilə əməkdaşlıq etdiyini açıqlayıb.
(0)Comments