'Azərbaycanın Mərkəzi Asiyada rolu getdikcə artır'

'Azərbaycanın Mərkəzi Asiyada rolu getdikcə artır'
View on original source
Category: Politics
Share
Archive
Like
"Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri son illərdə xarici siyasətin mühüm istiqamətlərindən birinə çevrilib. Bu əməkdaşlıq artıq yalnız tarixi və mədəni yaxınlıqla məhdudlaşmır, siyasi, iqtisadi, investisiya, nəqliyyat, enerji və təhlükəsizlik sahələrini də əhatə edir. Prezident İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri və Bişkekdə keçirilən 'ŞƏT plyus' formatında görüşdə iştirakı da Azərbaycanın bu regionla bağlı siyasətinin əsas konturlarını nümayiş etdirdi. Dövlət başçısının çıxışında Azərbaycan–Qırğızıstan münasibətlərinin strateji xarakteri, Cənubi Qafqazda yaranan yeni reallıqlar, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və beynəlxalq təşkilatların, xüsusilə BMT-nin münaqişələrin həllində rolunun gücləndirilməsi məsələləri ön plana çəkildi. Bakı ilə Bişkek arasında münasibətlərin hazırkı səviyyəsi iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, cəmi bir ay əvvəl Qırğızıstana dövlət səfəri zamanı Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb. Bu sənəd ikitərəfli əlaqələrin siyasi və hüquqi bazasını daha da möhkəmləndirir". Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib. Qeyd edək ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə daha intensiv xarakter alıb. Xüsusilə Qırğızıstanla strateji tərəfdaşlığın inkişafı, nəqliyyat və iqtisadi əlaqələrin genişləndirilməsi Bakının regiona yönəlmiş siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqət çəkir. Prezident İlham Əliyevin Bişkek səfəri və 'ŞƏT plyus' formatında səsləndirdiyi mesajlar da Azərbaycanın Mərkəzi Asiyada artan fəallığını bir daha gündəmə gətirib. Deputat qeyd edib ki, Qırğızıstanla münasibətlərdə müşahidə olunan dinamika Azərbaycanın Mərkəzi Asiya siyasətində artan fəallığının göstəricilərindən biridir. "Bakı region ölkələri ilə əlaqələri müxtəlif istiqamətlər üzrə genişləndirir. Tarixi və milli-mədəni bağlara əsaslanan münasibətlər bu gün konkret iqtisadi layihələr, investisiya imkanları, nəqliyyat marşrutları və enerji əməkdaşlığı ilə tamamlanır. Bişkekdəki çıxışın mühüm hissəsini Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı mesajlar təşkil etdi. Prezident İlham Əliyev iki ölkənin sülh sazişinin mətnini paraflamasını 30 il davam edən münaqişənin başa çatdırılması baxımından tarixi hadisə kimi qiymətləndirdi. Cənubi Qafqazın 'sülh zonasına çevrilməkdə olduğu' barədə səsləndirilən fikir Azərbaycanın müharibədən sonrakı dövrdə region üçün irəli sürdüyü yeni yanaşmanı əks etdirir. Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi artıq yalnız siyasi danışıqlar səviyyəsində qalmır. Bakı Ermənistanla neft məhsullarının tədarükü, üçüncü ölkələrə aid yüklərin tranzitinin təşkili, qarşılıqlı ticarətin genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması istiqamətində işlərin aparıldığını bildirir. Bu addımların hər biri sülh prosesinin praktiki müstəvidə nəticələr yaratmasına xidmət edir. Qarşıdurma ilə xarakterizə olunan əvvəlki regional mənzərədən fərqli olaraq, hazırda ticarət, tranzit və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi ölkələrin iqtisadi maraqlarını bir-birinə daha çox bağlamaq imkanına malikdir. Azərbaycanın təşəbbüsləri də bu prosesdə mühüm rol oynayır. Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı fikirləri də diqqətdən kənarda qalmadı. Dövlət başçısı 1993-cü ildə qəbul edilmiş dörd qətnamənin uzun illər ərzində icra edilmədiyini və yalnız 30 ildən sonra həyata keçirildiyini xatırlatdı. Eyni zamanda, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü özü bərpa etdiyini vurğuladı. Bakının bu məsələdə əsas mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüquq normalarının və BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasını təmin edən effektiv mexanizmlər yaradılmalıdır. Azərbaycan BMT qətnamələrinin qəbulundan sonra onların icrasını təmin edə biləcək daha işlək mexanizmlərin formalaşdırılmasını vacib hesab edir. Çünki beynəlxalq təşkilatların effektivliyi yalnız qəbul etdikləri qərarların sayı ilə ölçülmür. Əsas məsələ həmin qərarların reallaşdırılmasıdır. Azərbaycanın öz təcrübəsini nümunə gətirməsi də məhz bu kontekstdə əhəmiyyətlidir. Bakı beynəlxalq hüququn icra mexanizmlərinin gücləndirilməsini qlobal təhlükəsizlik sisteminin vacib elementlərindən biri kimi təqdim edir. Azərbaycanın Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə irəli sürdüyü prinsiplər də bu mövqenin formalaşmasında mühüm yer tutur. Həmin dövrdə Bakı çoxtərəfliliyin və beynəlxalq hüququn müdafiəsini əsas prioritetlərdən biri kimi önə çıxarırdı. Prezident İlham Əliyevin 'ŞƏT plyus' platformasında səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan bundan sonra da çoxtərəfli əməkdaşlığın gücləndirilməsini dəstəkləyir. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatının yaratdığı platforma Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif siyasi və iqtisadi sistemləri təmsil edən ölkələri bir araya gətirən ŞƏT geniş Avrasiya məkanında mühüm siyasi və iqtisadi platformalardan biridir. Azərbaycanın 'ŞƏT plyus' formatında iştirakı isə ölkəyə regional və qlobal məsələlərlə bağlı mövqelərini daha geniş auditoriyaya çatdırmaq imkanı verir. Azərbaycanın artan geosiyasi əhəmiyyətində nəqliyyat amilinin də xüsusi çəkisi var. Ölkənin Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində yerləşməsi onu əsas tranzit mərkəzlərindən birinə çevirir. Cənubi Qafqazda kommunikasiyaların açılması isə Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə arasında iqtisadi əlaqələrin inkişafındakı rolunu daha da artıra bilər. Bu prosesdə təhlükəsizlik və iqtisadi inteqrasiya bir-birindən ayrı təsəvvür edilə bilməz. Regional sabitliyin möhkəmlənməsi yeni nəqliyyat bağlantılarının yaradılması üçün şərait formalaşdırır, nəqliyyat əlaqələrinin inkişafı isə öz növbəsində ölkələr arasında iqtisadi əməkdaşlığın genişlənməsinə imkan yaradır. Bişkekdə keçirilən ikitərəfli görüşlər də Azərbaycanın regional diplomatiyasının çoxşaxəli xarakterini göstərdi. Ermənistan, Qazaxıstan, İran və Türkiyə liderləri ilə aparılan təmasların mövzuları fərqli olsa da, onların ümumi istiqamətlərində regional sabitlik, nəqliyyat-kommunikasiya əlaqələri, iqtisadi əməkdaşlıq və siyasi etimadın möhkəmləndirilməsi kimi məsələlər dayanırdı. Bütün bu məqamlar Azərbaycanın regional siyasətində yeni imkanların formalaşdığını göstərir. Bakı bir tərəfdən Cənubi Qafqazda sülh və kommunikasiyaların bərpası prosesini irəli aparır, digər tərəfdən Mərkəzi Asiya ölkələri ilə strateji əlaqələri genişləndirir. Paralel olaraq, beynəlxalq platformalarda çoxtərəflilik və beynəlxalq hüquqla bağlı mövqeyini daha geniş şəkildə ifadə edir. Bu baxımdan Bişkekdə səsləndirilən mesajlar Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşan yeni əlaqələr sistemində də daha fəal rol oynadığını göstərir. Azərbaycanın nəqliyyat, iqtisadi və diplomatik imkanlarının genişlənməsi isə ölkənin geosiyasi çəkisinin artmasına şərait yaradan əsas amillərdən biri kimi qiymətləndirilə bilər". Rəfiqə Namazəliyeva, AzNews.az

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.