Azərbaycanda kənd təsərrüfatının rəqəmsallaşdırılması üçün yeni subsidiya proqramları tətbiq oluna bilər

Azərbaycanda kənd təsərrüfatının rəqəmsallaşdırılması üçün yeni subsidiya proqramları tətbiq oluna bilər
View on original source
Category: Business
Share
Archive
Like
Azərbaycanda kənd təsərrüfatında rəqəmsallaşmanın təşviqi istiqamətində gələcəkdə yeni subsidiya proqramları tətbiq oluna bilər. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov 'Bakı İqlim Fəaliyyəti Həftəsi 2026' (BCAW 2026) çərçivəsində deyib. ⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 'Bir ildən sonra bu tədbirin fermerlərin rəqəmsal transformasiyasına və bu istiqamətdə məlumatlılığının artırılmasına nə dərəcədə təsir etdiyini ölçmək və qiymətləndirmək mümkün olacaq. Bundan sonra rəqəmsallaşmaya keçidi sürətləndirmək üçün əlavə yeni subsidiya proqramlarının necə tətbiq oluna biləcəyini müəyyənləşdirəcəyik', – deyə M.Məmmədov vurğulayıb. Onun sözlərinə görə, hazırda subsidiya proqramlarında əsas diqqət səmərəliliyin artırılmasına, su ehtiyatlarının idarə olunmasına, müasir suvarmaya və əkin sahələrinin genişləndirilməsi əvəzinə məhsuldarlığın artırılmasına yönəlib. 'Gələcəkdə rəqəmsal biliklərin, rəqəmsal imkanlardan istifadənin və müxtəlif rəqəmsal platformaların tətbiqinin təşviqi də subsidiya proqramlarına daxil edilə bilər', – deyə nazir əlavə edib. M.Məmmədov bildirib ki, bazarda elektron, süni intellekt və digər rəqəmsal platformaların sayının artması fermerlərin yeni texnologiyalardan istifadəsinə də müsbət təsir göstərəcək. 'Bazarda nə qədər çox elektron, süni intellekt və rəqəmsal platforma fəaliyyət göstərsə, özəl şirkətlərlə fermerlər arasında əlaqələr də bir o qədər genişlənəcək. Bu isə fermerlərin rəqəmsal platformalardan, süni intellektdən, müxtəlif proqramlardan və mobil tətbiqlərdən istifadə ilə bağlı bilik və anlayışlarının artmasına imkan verəcək', – deyə kənd təsərrüfatı naziri bildirib. O, eyni zamanda əlavə edib ki, Azərbaycanda 2030-cu ilədək müasir suvarma sistemləri ilə təmin olunan ərazilərin ümumi sahəsinin 300 min hektara çatdırılması hədəflənir. Nazir bildirib ki, 2026-cı ilin əvvəlinə Azərbaycanda müasir suvarma sistemləri ilə təmin olunan ərazilərin sahəsi 130 min hektar təşkil edib. 'Dövlət proqramında 2030-cu ilədək müasir suvarma sistemləri ilə təmin olunan ərazilərin 300 min hektara çatdırılması nəzərdə tutulub. 2026-cı ilin əvvəlinə bu göstərici 130 min hektar idi. Məqsədimiz bunu 300 min hektara çatdırmaqdır', – deyə M.Məmmədov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə subsidiya siyasətində də müasir suvarma sistemlərinin tətbiqinə üstünlük verilir. 'Bütün məhsul subsidiyalarında və digər subsidiya növlərində müasir suvarmaya görə artımlar tətbiq olunub. Digər istiqamətlərdə isə belə artımlar nəzərdə tutulmayıb. Bu da öz müsbət təsirini göstərəcək', – deyə nazir qeyd edib. M.Məmmədov əlavə edib ki, fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən qeydiyyatdan keçərək bəyanlarını təqdim etdikdən sonra müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı müvafiq qiymətləndirmə aparılacaq. Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir. İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib. Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir. Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək. Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.